Ermənilər yeni Konstitusiya layihəsi barədə nə düşünür?

Videonun alt yazısı, Ermənilər yeni Konstitusiya layihəsi barədə nə düşünür?
Ermənilər yeni Konstitusiya layihəsi barədə nə düşünür?
Çap edildi

Ermənistanın yeni Konstitusiya layihəsi ictimaiyyətdə, eyni zamanda sosial mediada geniş müzakirə olunur.

Təkcə baş nazir Nikol Paşinyanın Facebook hesabında 4 minə yaxın şərh verilib. Burada yeni Konstitusiyanı təqdir edən, Paşinyana dəstək verənlər daha çoxdur, tənqid və etiraz edənlər də var.

Serine Petrosyan adlı istifadəçi Paşinyanın istefa verməməsini istəyir və yazıb: "Baş nazir can, Ermənistanın şüurlu xalqı Yeni Konstitusiyaya "hə" deyir".

Nelli Tumanyan adlı istidadəçi isə ona dərhal cavab verir: "Zombilər "hə" deyir, ağlı başında olan adam "hə" deyə bilməz".

Nikol Paşinyan konstitusiya layihəsini təqdim edərkən bildirib ki, xalq referendumda hə deməsə dərhal istefaya gedəcək.

Tatul Asilyan yeni Konstitusiyanın yeni imkanlar yaradacağına əmindir: "Və yeni Konstitusiya yeni yolların başlanğıcıdır. Qoy bu vacib addım ölkəmiz üçün dinc gələcəyə, sabitliyə və rifaha doğru yeni qapılar açsın. Allah ölkəmizi qorusun".

Gevorq Harutyunyan Asilyanın səmimiliyində şübhələnir, deyir: "Hələ bir izah et görək, o yeni yolun başlanğıcı haradır. Yoxsa rəhbər necə desə, elədir?".

A. Nuş Urumyan Konstitusiyada dəyişiklik edilməsinin tərəfdarıdır: "Ölkəmizi daha ədalətli, daha güclü və daha inkişaf etmiş gələcəyə aparacaq yeni bir dövrün və dəyişikliklər başlanğıcının tərəfdarıyam. Yeni düşüncə, yeni yanaşmalar və yeni bir yol üçün vaxt gəldi".

Monika Monika adlı istifadəçi: "Yeni Konstitusiyaya "hə", sülhə "hə", referenduma "hə" deyirəm".

Taquhi Ağazaryan deyir: "Bizim legitim Konstitusiyamız olacaq, sülhə mane olanlar isə tarixin zibilliyinə gedəcək!"

Aida Sahakyan yeni Konstitusiya layihəsindən Müstəqillik Bəyannaməsinə istinadın çıxarıldığına diqqət çəkir: "Azərbaycan bunu sülh müqaviləsinin imzalanması ilə əlaqələndirir. Bu, heç də sülhün təminatı deyil.

Təklif edirəm: son səsvermədən əvvəl layihədə Ermənistanın təhlükəsizliyi üçün kifayət qədər və real zəmanətlərin olub-olmadığı qiymətləndirilsin".

Rəsmi Bakı bildirib ki, bu Konstitusiya məsələsində onları maraqlandıran yeganə məsələ Azərbaycana ərazi iddiasını ehtiva edən Müstəqillik Bəyannaməsinə istinaddır. Yeni layihədə bu istinad çıxarılıb.

Bakı hazırkı Konstutisiyadakı bu istinadı Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanamasına əsas və yeganə maneə sayır.

Qohar Qriqoryan hökumətə xitabən yazır ki, layihə ilə tanış olmağa ehtiyac yoxdur: "Çünki referendum olmayacaq, xalq deməli olduqlarını son seçkilər zamanı deyib, hətta oğurlanmış səslərlə belə, sizə etibar edilməyib – Yox! - Başa düşün və vədlərinizə görə məsuliyyət daşımağa hazır olun. Ermənistanın suveren ərazisinə hücum edən çox yaxşı bilir ki, nəticələr olacaq, ona görə də bəsdir bizi qorxutmaq".

Bəziləri konstitusiya dəyişikliyinin Azərbaycanın tələbilə edildiyinə görə, onu "Əliyev Konstitusiyası adlandırır".

"Biz Əliyev konstitusiyasina "yox" deyirik", - Ani Tsatryan yzıb.

Qabriel Atamian: "...Konstitusiyamızın dəyişdirməsini istəmirik. Əgər onu dəyişdirsəniz, türklərə qarşı əsrlər boyu davam edən tələblərimizi itirəcəyik və tənəzzülə uğrayacağıq.