Hicab qaydaları: Sənət sərgisi niyə hədəfə çevrildi?
Tehranda yerləşən ticarət mərkəzlərindən birində keçirilən "Art Fair Tehran" incəsənət sərgisinin təşkilatçılarına qarşı cinayət işi açıldığı və onların prokurorluğa çağırıldığı bildirilir.
İddialara görə, bu addım sərgidə nümayiş olunan bəzi performansların və məcburi hicab qaydalarına əməl etməyən qadınların görüntülərinin yayılmasından sonra atılıb.
İranın hakimiyyətə yaxın Mizan və Tasnim xəbər agentliklərinin məlumatına görə, sərginin bilet satışı saytı və təşkilatçıların sosial şəbəkə hesabları bloklanıb.
Tehran prokurorluğu buna səbəb kimi "qanun və şəriət normalarına əməl edilməməsini" göstərib. Lakin hansı konkret qayda pozuntularının aşkarlandığını açıqlamayıb.
Sərginin təşkilatçısı olan "Neqara" incəsənət qrupu ittihamlarla bağlı hələlik açıqlama verməyib.
Sərginin beşinci buraxılışı "Müstəqil sənətçi" şüarı ilə təşkil olunub. Tədbir müstəqil sənətçilərə öz əsərlərini nümayiş etdirmək və tanıtmaq imkanı yaradır.
Sosial mediada yayılan videolarda saçları örtülməmiş qadınların pantomima çıxışları etdiyi görünür. Sərgidə digər bədii performanslar da nümayiş olunub.
Lakin rəsmilər məhkəmə araşdırmasına səbəb olan konkret çıxış və ya performansın hansı olduğunu açıqlamayıblar.
İranda qadınların ictimai yerlərdə hicab taxması qanunla məcburidir.
2022-ci ildə gənc qadın Məhsa Əmininin polis nəzarətində olarkən müəmmalı şəkildə həyatını itirməsindən sonra ölkədə məcburi hicaba qarşı geniş etirazlar baş qaldırıb.
Son həftələrdə İranda hicab qaydalarının pozulduğu iddiası ilə bəzi mədəniyyət və incəsənət tədbirlərinə qarşı hüquqi tədbirlərin görüldüyü, həmçinin onların internet resursları və sosial şəbəkə hesablarının fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir.



