Əli Kərimli işi üzrə ilk məhkəmə olub

Videonun alt yazısı, Əli Kərimli işi üzrə ilk məhkəmə olub
Əli Kərimli işi üzrə ilk məhkəmə olub
Çap edildi

Əli Kərimli və Məmməd İbrahimin işi üzrə ilk məhkəmə iclası keçirilib.

AXCP sədri və partiyanın Ali Məclisinin katibi Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərlə bağlı maddəsi ilə ittiham olunurlar.

Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

AXCP sədrinin müavini Seymur Həzi BBC Azərbaycancaya deyib ki, ilk məhkəmə iclasında Əli Kərimli cinayət işinə xitam verilməsini və həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Bundan başqa, o, məhkəmə zalında qəfəsdə deyil, vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatətlər verib. Ancaq onun istəkləri təmin edilməyib.

Seymur Həzi deyib ki, məhkəmədə Əli Kərimli ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

Əli Kərimli həmçinin məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz edib.

O bildirib ki, proses qapalı şəkildə davam edərsə, növbəti iclaslarda iştirak etmək istəmir.

Əli Kərimli və Məmməd İbrahim barəsində irəli sürülən ittihamlar üzrə növbəti məhkəmə iclası noyabrın 13-nə təyin edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 2025-ci il noyabrın 29-da həbs edilib.

Hakimiyyətə yaxın media həmin vaxt Əli Kərimlinin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı saxlanıldığını iddia edib.

Ramiz Mehdiyev Azərbaycan Prezident Administrasiyasının uzun illər rəhbəri olub və ölkənin ən nüfuzlu siyasi fiqurlarından biri sayılırdı.

Daha sonra Əli Kərimlinin işi Ramiz Mehdiyevin cinayət işindən ayrılıb.

2026-cı il oktyabrın sonunda Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Yerli medianın yazdığına görə, onun yaşı və səhhəti nəzərə alınaraq cəzanın şərti tətbiqinə qərar verilib.

Dövlət Təhlükəsizliyi Xidməti onu dövlət çevrilişinə və hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham etmişdi.