Yüksək ranqlı Taliban lideri Malalaya basqından “sarsılıbmış”

Pakistan Talibanının liderlərindən biri 16 yaşlı məktəbli qız Malala Yusafzai-a məktubunda Taliban silahlılarının ona hücum etməsindən “sarsıldığını” bildirib.
Malala başından ağır yaralandıqdan sonra Talibanı dünya boyunca pisləyirdilər.
Malalaya məktubunda Adnan Rəşid üzr istəməsə də, bu hücumdan təəssüfləndiyini bildirib.
Rəşid həmçinin iddia edir ki, Malala qızlar üçün təhsil kampaniyasına görə yox, Talibana qarşı “böhtan təbliğatı” apardığına görə hücuma məruz qalıb.
Nobel Sülh Mükafatına təqdim olunacağı gözlənilən Malala təhsil məsələsinə qlobal diqqət çəkməsilə məşhurlaşıb.
Ötən cümə günü BMT-nin Nyu Yorkdakı qərargahında çıxış edərkən Malala deyib ki, ekstremistlər kitablardan və qələmlərdən qorxurlar.
O həmçinin hamı üçün, o cümlədən talibançıların, bütün terrorçuların oğul və qızları üçün təhsil haqqının təmin olunmasına çağırıb.
“Qardaş” duyğuları
Bu məktubun surəti Britaniyanın Channel 4 telekanalı və başqa xəbər agentlikləri tərəfindən əldə olunub.
“Şəxsi xarakterli” məktubunda Rəşid bildirir ki, Malalaya qarşı “qardaş duyğuları” bəsləyir, çünki o da Yuzafzai tayfasındandır.
Bununla belə, Rəşid hücumu pisləmir və nəyin doğru olub-olmadığını "Allahın müəyyən edəcəyini" yazır.
Rəşid deyir ki, Malalanın gördüyü işlər barədə ilk dəfə həbsxanada olarkən, BBC-nin urdu xidmətinin yayınlarından eşidib.
O təəssüf edir ki, hücumdan əvvəl Malalaya məsləhət verə bilməyib.
Taliban lideri bildirib ki, onun təşkilatı kişilərin, qadınların və qızların təhsil almalarının əleyhinə deyil.
Qılınc və qələm
Rəşid yazır ki, Malala təhsil kampaniyasına görə yox, Talibanın İslam sistemi qurmasına qarşı ziyanlı iş apardığı üçün hədəflənib.
“Sən çıxışında deyirsən ki, qələm qılıncdan qüdrətlidir, onlar da sənin kitablarına və məktəblərinə deyil, qılıncına görə hücum ediblər” – məktubda deyilir.
Rəşid məktubun sonunda Malalanı “vətənə qayıtmağa, İslam və Paştu mədəniyyətini qəbul etməyə, istədyi mədrəsəyə getməyə və qələmindən istifadə edərək bəşəriyyətə qul boyunduruğu keçirmək istəyən kiçicik elitanın cinayətlərini açmağa" çağırır.
Bu məktubda həmçinin keçmiş ABŞ dövlət katibi Henry Kissinger, Britaniya filosofu Bertrand Russell və Hindistan lideri Mahatma Gandhidən sitatlar gətirilir.
Yuzafzai ailəsinin bir nümayəndəsi BBC-yə müsahibəsində bu məktubu Malalanın BMT-də sürəkli alqışlarla qarşılanmış çıxışına çaş-baş münasibət adlandırıb.
Bu arada qızın valideynləri məktubdan xəbərdar olduqlarını, lakin onu dolayısı ilə aldıqlarını və bu barədə şərh vermək istəmədiklərini bildiriblər.
Malala Talibanı "küncə sıxıb"
Keçmiş Britaniya baş naziri, hazırda BMT-nin təhsil üzrə xüsusi elçisi Gordon Brown deyib ki, Malala Taliban üzərinə silinməz təsir buraxıb.
“O, Talibanı tamamilə müdafiə mövqeyinə sıxışdırıb və məhz buna görə də onlar bu məktubu yazıblar” – deyib Brown, - lakin biz bilirik ki, onlar hələ də məktəbləri partladır, sinif otaqlarını dağıdır, müəllim və şagirdləri qətliam edirlər”.
Malala ötən oktyabrda güllə yarası aldıqdan sonra təyyarə ilə Pakistandan Birləşmiş Krallığa gətirilib və hazırda İngiltərənin Birmingham şəhərində yaşayır.
BMT-dəki çıxışında Malala bildirib ki, o, qadın haqları uğrunda mübarizə aparır.
Bütün dünya böyunca qadınların 25 faizi ibtidai təhsili başa vura bilməyib.
























