Malala Yousafzai BMT-də çixiş edib

malala yousafzai
Şəklin alt yazısı, Malala dünya siyasətçilərini hər bir oğlanın və hər bir qızın icbari təhsil hüququnu təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb

Pakistanlı məktəbli Malala Yousafzai uşaqların pulsuz icbari təhsil almaq haqları kampaniyası çərçivəsində Nyu Yorkda BMT-nin mənzil-qərargahında çıxış edib.

Malala ötən il oktyabrda Taliban silahlıları tərəfindən məktəb avtobusunun atəşə tutulması nəticəsində başından yaralanmışdı. O, qızların təhsil almaq hüquqları üçün mübarizə iştirakçısı olub.

Bu, onun ötən il Pakistanın Svat vadisində hücuma məruz qaldıqdan sonra ilk açıq çıxışıdır. Çıxış onun 16 yaşı tamam olmasına aid edilib.

Öz çıxışında Malala deyib ki, talibançıların hücumu onun həyatında heç nəyi dəyişməyib, bundan başqa, onun sözlərinə görə, zəiflik, qorxu və çarəsizlik anlayışları onun şüurundan silinib.

“O ekstremistlər kitab-qələmdən qorxub və qorxurlar. Onlar qadınlardan qorxurlar”, - deyib Malala.

O, dünya dövlətlərinə xitabən, yeridilən siyasətin əsas mahiyyəti sülh olmalıdır deyə, qadınların hüquqları uğrunda mübarizə etdiyini bəyan edib, çünki hamıdan çox qadınlar əzab çəkir.

O, dünya siyasətçilərini hər bir uşağın məktəb təhsili almaq hüququnun təmin olunması üçün təcili tədbirlər görməyə çağırıb.

“Gəlin kitablarımızı, qələmlərimizi əlimizə alaq, - deyib Malala. – Bizim ən etibarlı silahımız onlardır”.

“Bir uşaq, bir müəllim, bir kitab və qələm dünyanı dəyişə bilər. Həll yolu təhsildir. Yalnız təhsil”.

Təhsil güclü silahdır

Xəsarət aldıqdan sonra Malala xüsusi təyyarə ilə Pakistandan Britaniyaya çatdırılıb, müalicə olunub və hazırda Birminhemdə yaşayır.

Malala BMT gənclər məclisinin xüsusi iclasında bütün dünya ölkələrindən iştirak edən 500-dən artıq tələbə qarşısında çıxış edib.

malala yousafzai
Şəklin alt yazısı, Malalanın çıxışını BMT gənclər məclisinin iclasında bütün dünya ölkələrini təmsil edən 500 tələbə dinləyib

İclası açan Britaniyanın sabiq baş naziri Gordon Brown bəyan edib ki, toplaşanlar dünyanın yeni fövqəldövlətini təmsil edirlər və onları təhsil yolunda maneələrin dəf edilməsi işində yardımçı olmağa çağırıb.

Gənclər məclisinin iclasında BMT baş katibi Ban Ki-moon da çıxış edib.

“O, bizi öz prinsiplərimizə əməl etməyə çağırır, yəni – dünya gəncləri dəstəkləməli və təhsilə prioritet kimi yanaşmalıdır”, - deyə BMT baş katibi Malalanı qəhrəman adlandırıb.

Malalanın dünyanın diqqətini qadınların təhsil probleminə cəlb etmək fəaliyyəti yüksək qiymətləndirilib.

Bütün dünya üzrə bu günədək 57 milyon nəfər təhsil almaq imkanından məhrumdur, gənc qadınların dörddə birinin isə tam ibtidai təhsili də yoxdur.

Hücuma məruz qaldıqdan sonra Malala Fondunu təsis etmiş bu pakistanlı məktəbli BMT baş katibinə ümumi təhsil haqlarının təmin edilməsi tələbilə üç milyon tərəfindən imzalanmış ərizə təqdim etməyə hazırlaşır.

Malala Yousafzai'nin çıxışını qlobal təhsil üzrə BMT-nin xüsusi elçisi olan Gordon Brown təşkil edib.

“Biz 2015-ci ilədək hər bir oğlanın və hər bir qızın məktəbə getməsinə nail olmaq iqtidarındayıq”, - deyib öz çıxışında Gordon Brown.

Hüquq-müdafiə təşkilatları qadınların təhsil ilə bağlı vəziyyətin xüsusilə Pakistanda pis olduğunu qeyd edirlər.

Onlarda olam məlumata görə, dünyada qızların məktəbə qəbulu, savadlılığı və maarif məqsədlərinə dövlət təxsisatları üzrə ən pis bu ölkənin göstəriciləridir.