"Qəpiksiz və ağır borc içində": Osmanlı imperiyasının sonuncu sultanı VI Mehmed 100 il əvvəl necə vəfat etdi

 VI Mehmed 1918-ci ildə qardaşı V Mehmed Reşadın vəfatından sonra hakimiyyətə gəlmişdi.
Şəklin alt yazısı, VI Mehmed 1918-ci ildə qardaşı V Mehmed Reşadın vəfatından sonra hakimiyyətə gəlmişdi.
    • Müəllif, Margarita Rodríguez
    • Vəzifə, BBC News Mundo
  • Çap edildi
  • Oxuma vaxtı: 9 dəq

"Mən lələklərlə bəzədilmiş taxtda deyil, alovun külü üzərində əyləşmişdim", - deyə Osmanlı imperiyasının son hökmdarı Sultan VI Mehmed Vahideddin söyləmişdi.

O, 1918-ci ildə qardaşı V Mehmed Reşadın vəfatından sonra hakimiyyətə gəlmişdi.

Qarşısında təxminən 600 illik Osmanlı sülaləsi tarixini geridə qoyaraq süquta doğru gedən bir imperiya dayanırdı.

O, vaxtilə üç qitəyə yayılan və ən qüdrətli dövründə böyük bir fövqəldövlət olmuş imperiyanın sonuncu hökmdarı idi.

"Sultan olmaq üçün pis dövr idi", - deyə türk yazıçısı Kaya Genç BBC Mundo-ya bildirir.

1922-ci ilin İstanbulunda VI Mehmedin həyatının son günlərini təsəvvür etmək çətindir.

"Bu onun üçün həqiqətən də çox təsirli və faciəvi bir məqamdır. Çünki o, təkdir, dostsuzdur, sarayı bomboşdur", – tarixçi Ryan Gingeras BBC Mundo-ya danışır.

"Britaniya gəmisinə minir və konkret bir istiqaməti olmadan yola düşür".

Bəziləri üçün Süleyman "Qanuni", II Mehmet "Fateh" və I Səlim "Yavuz" kimi qüdrətli hökmdarları olan bir sülalənin sonuncu sultanının bu qədər borc içində vəfat etməsini təsəvvür etmək daha çətindir: borclar ödənilənədək tabutu belə müsadirə edilmişdi.

Və bu hadisə düz 100 il əvvəl baş vermişdi.

Vəsait axtarışında

1926-cı il mayın 16-da ürək xəstəliyindən əziyyət çəkən VI Mehmed sürgündə yaşadığı İtaliyada vəfat etdi.

Türkiye Today xəbər saytı 2025-ci ildə "Sultan VI Mehmed Vahideddinin xatirəsi: "Sonuncu Osmanlı hökmdarı" başlıqlı məqalə dərc etmişdi.

Məqalədə istinad edilən türk alimi Ekrem Buğra Ekinciyə görə, sultanın "pulu qurtarmışdı" və hətta medallarını belə satmağa məcbur olmuşdu.

"Yastığının altında ala bilmədiyi dərmanların reseptləri vardı".

Yığdığı borclara görə, "kreditorlar hətta onun tabutuna da həbs qoymuşdular". Bu səbəbdən dəfn mərasimi və dəfn edilməsi gecikmişdi.

VI Mehmed 1918-ci ildə çəkilmiş fotoşəkildə, Türkiyədə.
Şəklin alt yazısı, VI Mehmed 1918-ci ildə çəkilmiş fotoşəkildə, Türkiyədə.

Lakin qızlarından biri – Sabiha Sultan – kifayət qədər pul toplamağı bacarmış və atasının cənazəsinin Dəməşqə aparılmasını təşkil etmişdi.

Genç BBC Mundo-ya bildirir ki, sultan orada dəfn olunmuşdu.

Maliyyə problemləri VI Mehmedin yaxın ətrafı üçün də ciddi çətinliyə çevrilmişdi.

"Onların nə himayədarları, nə də onlara pul göndərə biləcək kimsələri var idi".

New Lines Magazine jurnalında dərc olunmuş "Sonuncu Osmanlı sultanının uzun kölgəsi" adlı essesində Genç yazırdı ki, ölüm onu "pulsuz-parasız və çoxlu borc içində" yaxalamışdı.

"Bu, kədərli və tənhalıq içində baş verən bir ölüm idi", – deyə o bildirir.

Şübhə, qorxu

VI Mehmet 1861-ci ilin yanvarında anadan olmuşdu. Elə həmin il atasını – Sultan I Abdülmecidi itirmişdi. Bir neçə il sonra isə anası vəfat etmişdi.

Xüsusi himayə və tərbiyə altında böyüdükdən sonra o, "yüksək intellektə, təmkinə və dərin dini biliyə malik bir insan kimi yetişmişdi", – Türkiye Today qəzetinin məqaləsində qeyd olunur.

"Qardaşı Sultan II Abdülhemidin ona hədiyyə etdiyi Çengelköy sarayında sakit bir həyat sürürdü", - sayt yazır.

Sultan Mehmed V Rəşad 1909-cu ildən 1918-ci ildə vəfat edənə qədər hakimiyyətdə olub.
Şəklin alt yazısı, Sultan Mehmed V Rəşad 1909-cu ildən 1918-ci ildə vəfat edənə qədər hakimiyyətdə olub.

Lakin hakimiyyəti ələ almaq məcburiyyətində qalanda o sakit günlər artıq keçmişdə qalmışdı.

Madrid Muxtar Universitetinin tarix və beynəlxalq araşdırmalar üzrə professoru Darina Martykánová BBC Mundo-ya deyir:

"VI Mehmed özünün də öhdəsindən necə gələcəyini yaxşı bilmədiyi son dərəcə çətin bir vəziyyəti miras almışdı".

"O, qarşılaşmalı olduğu hadisələrə hazır deyildi. Bu, onun gündəlik siyasi həyatdan kənarda qalması və ya həzz düşkünü olması ilə bağlı deyildi".

O, hakimiyyətə həris bir insan da deyildi. O, qəfildən qarşısında sanki partlamağa hazır olan saatlı bombaya bənzər bir vəziyyətlə üzləşmişdi.

"Bu, lap əvvəldən aydın görünür. Belə ki, o, hətta taxta çıxmağa razılıq verib-verməməkdə tərəddüd edirdi. O, taxtın müəyyən edilmiş varisi idi, lakin bu seçimi heç də həvəslə qarşılamırdı. Razılıq verdi, amma Osmanlı imperiyasının dəhşətli vəziyyətdə olduğunu yaxşı dərk edirdi".

II Abdülhemid 1909-cu ildə Gənc Türk hərbi inqilabı nəticəsində devrildi.
Şəklin alt yazısı, II Abdülhemid 1909-cu ildə Gənc Türk hərbi inqilabı nəticəsində devrildi.

Bundan əlavə, yeni sultanın II Abdülhemidin başına gələn hadisələrlə bağlı xatirələri hələ də təzə idi.

II Abdülhemid neomütləqiyyətçi sultan idi. O, əvvəlcə 1908-ci ildə Gənc Türklər inqilabı nəticəsində hakimiyyət səlahiyyətləri məhdudlaşdırılaraq konstitusiyalı monarxa çevrilmiş, daha sonra isə 1909-cu ildə taxtdan salınmışdı.

Konstitusiyalı monarxiyanı yenidən bərpa etdikdən sonra Gənc Türklər II Abdülhemidin qardaşı V Mehmedi yeni sultan təyin etdilər.

Millətçi və islahatçı siyasi partiya olan Gənc Türklər 1908–1918-ci illərdə hakimiyyətdə olmuşdular.

"Düşünürəm ki, o (VI Mehmed) Gənc Türklərin onun ailəsinə qarşı etdiklərindən travma almışdı və onların bundan sonra nə edəcəklərindən qorxurdu", – "Kölgə altında: Müasir Türkiyədə qəzəb və inqilab" kitabının müəllifi Genç deyir.

Onun miras aldığı imperiya

1918-ci ilin iyulunda VI Mehmed konstitusiyalı monarx kimi and içərək taxta çıxdı.

Osmanlı imperiyası Birinci Dünya müharibəsi nəticəsində darmadağın olmuşdu. Bu müharibədə imperiya Mərkəzi dövlətlərin (Almaniya imperiyası və Avstriya-Macarıstan) tərəfində yer almışdı.

Ryan Gingeras ABŞ-da yerləşən Dəniz Hərbi Məktəbinin professoru, həmçinin "Osmanlı imperiyasının son günləri" kimi kitabların müəllifidir.

Onun sözlərinə görə, VI Mehmed taxta çıxarkən iki məqamı çox yaxşı anlayırdı: "O, faktiki olaraq süqut astanasında olan bir imperiyanın idarəçiliyini öz üzərinə götürürdü və həqiqətən də böyük hakimiyyətə malik deyildi".

1914-cü ildə, Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasının piyada əsgərləri.
Şəklin alt yazısı, 1914-cü ildə, Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasının piyada əsgərləri.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Genç xatırladır ki, hakimiyyətə gəlişindən cəmi bir neçə ay sonra Osmanlı imperiyası Birinci Dünya müharibəsində məğlubiyyətini qəbul etdi.

Bir neçə gün sonra hökumət buraxıldı və Gənc Türklər partiyası olan İttihad və Tərəqqi Komitəsi dağıldı.

Vəziyyətin belə dəyişməsi yeni sultana dövlət işlərinə təsir göstərmək üçün müəyyən manevr imkanları yaratdı.

Lakin bu, asan deyildi. Müharibə təkcə məğlubiyyətlə başa çatmamışdı, cəmiyyət də tamamilə dağılmış vəziyyətdə idi.

Genç essesində yazırdı: "İstanbul xaosun astanasında idi. Əsas ərzaq məhsulları çatışmır, yanacaq ehtiyatları normaya uyğun bölüşdürülür, elektrik enerjisinin verilməsində isə tez-tez fasilələr yaranırdı".

Bütün bunların üzərinə müttəfiq dövlətlərin hərbi qüvvələrinin mövcudluğu da əlavə olunurdu.

"Bir neçə il ərzində britaniyalı, italyan və fransız əsgərləri İstanbulda yerləşmişdilər. Belə bir şəraitdə sultanın əslində nə istədiyi ilə bağlı çoxlu qarışıqlıq yaranmışdı: o, güzəştə getmək istəyirdi? Britaniyalılarla əməkdaşlıq etmək istəyirdi? Yoxsa onlara qarşı nəsə təşkil etməyə çalışırdı?" – deyə yazıçı BBC Mundo-ya bildirir.

Bir qərar

Gingeras bildirir ki, VI Mehmed paytaxtdakı azsaylı tərəfdarlarının dəstəyi ilə iki çətinlik arasında tarazlıq yaratmağa çalışırdı: bir tərəfdən xarici işğal, digər tərəfdən isə həmin işğala qarşı getdikcə güclənən üsyan.

"O, işğalçı qüvvələrə tamamilə təslim olmur, lakin üsyanı da mütləq şəkildə öz müttəfiqi hesab etmir. Xüsusilə ona görə ki, üsyana keçmiş xuntanın, yəni Gənc Türklərin üzvləri rəhbərlik edirdilər".

Bu şəraitdə Mustafa Kamal Atatürk xarici qüvvələrə qarşı silahlı mübarizəni seçən milli azadlıq hərəkatının əsas fiquruna çevrildi.

Mustafa Kamal Atatürk Türkiyə Respublikasının ilk prezidenti oldu və "müasir Türkiyənin atası" hesab olunur.
Şəklin alt yazısı, Mustafa Kamal Atatürk Türkiyə Respublikasının ilk prezidenti oldu və "müasir Türkiyənin atası" hesab olunur.

1920-ci ildə sultan Osmanlı nümayəndələrinə Birinci Dünya müharibəsinin qalib müttəfiq dövlətləri ilə birlikdə Sevr müqaviləsini imzalamağa icazə verdi.

Tarixçi deyir: "O bu müqaviləni iki səbəbə görə imzalayır: birincisi, ən azı müharibə məsələsinə son qoymaq, ikincisi isə Mustafa Kamalın rəhbərlik etdiyi üsyanın əsas səbəbi hesab etdiyi problemi aradan qaldırmaq istəyirdi".

"Lakin bu qərar onun üçün son dərəcə faciəvi nəticələnir".

Mütəxəssisin sözlərinə görə, bu müqavilənin həyata keçirilməsi heç cür mümkün deyildi.

Bu qərar "onu təkcə üsyançıların deyil, həm də əhalinin böyük bir hissəsinin gözündə tamamilə legitimliyini itirmiş vəziyyətə saldı. Çünki o, əslində Osmanlı imperiyasından geriyə qalan ərazilərin böyük əksəriyyətini Böyük Britaniyaya, Fransaya, İtaliyaya, Yunanıstana və Ermənistana təslim edirdi".

Müqavilə heç vaxt ratifikasiya edilmədi və 1923-cü ildə Türkiyə Respublikasının ərazisini tanıyan Lozanna müqaviləsi ilə əvəz olundu.

Son günlər

VI Mehmedin mövqeyi, xüsusilə millətçi hərəkatı pislədikdən sonra, həqiqətən də çıxılmaz vəziyyətə düşdü.

Öz ölkəsində bir çoxları onu Britaniya imperiyasına açıq rəğbət bəsləyən xain kimi görürdü.

Lakin onun bu addımlarının Osmanlı dövlətini qorumaq istəyindən irəli gəldiyini düşünən başqa yanaşmalar da mövcuddur.

Türkiye Today qəzetinin məqaləsində deyilir: "Daha böyük dağıntıların qarşısını almağa ümid edən sultan sülhə nail olmağın yeganə yolunun bu olduğuna inanaraq britaniyalılarla əməkdaşlıq etməyə çalışırdı".

1922-ci ildə Kamalın rəhbərlik etdiyi üsyan qələbə qazandı və xarici qüvvələri ölkədən qovdu.

Həmin il noyabrın 1-də Ankarada Milli Məclisə toplaşan millətçilər sultanı taxtdan salmaq və sultanlıq institutunu ləğv etmək qərarına gəldilər.

Ona qarşı necə davranılacağından qorxan VI Mehmed noyabrın 17-də britaniyalıların köməyi ilə ölkəni tərk etmək qərarına gəldi.

VI Mehmed 1918-ci ildə sultan oldu.
Şəklin alt yazısı, VI Mehmed 1918-ci ildə sultan oldu.

Oğlu və digər qohumları ilə birlikdə ölkədən çıxarıldığı gəmiyə özü ilə apara bildiyi əşyaları götürdü və dekabr ayında Maltaya çatdı.

Gingeras deyir: "O, ömrünün qalan hissəsini İtaliya Rivyerasında, sanki öz kölgəsinə çevrilmiş bir insan kimi yaşadı".

"Bu, heç də dəbdəbəli sürgün həyatı deyildi", – professor Martykánová bildirir.

VI Mehmed dindar bir insan idi və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə yaşamasına icazə verilməsini xahiş etmişdi.

"Lakin britaniyalılar bundan imtina etdilər. Çünki onun onlara problem yarada biləcəyini, bəlkə də üsyana səbəb ola biləcəyini düşünürdülər".

O özü də anlayırdı ki, İslamın müqəddəs məkanlarına yaxın olmaq arzusu onun "Britaniyanın əlində bir marionet" kimi qəbul edilməsinə, hətta həqiqətən də belə bir vəziyyətə düşməsinə səbəb ola bilərdi.

Genç hesab edir ki, yeni Türkiyə rəhbərliyinin sultanı sürgünə göndərmək qərarı "əvvəlcədən düşünülmüş bir addım" idi.

Sultan ailəsi ilə bağlı heç bir məhkəmə prosesi keçirilmədi, heç kim həbs olunmadı, qan tökülmədi. "Sadəcə, onların ölkəni sivil şəkildə tərk etməsinə icazə verdilər".

"Lakin hamıya məlum idi ki, onlar geri qayıda bilməyəcəklər, çünki respublika quruluşlu ölkədə qanuni olaraq heç bir mülkləri yox idi", - o deyir.

VI Mehmed Maltaya getməzdən əvvəl, 1922-ci ildə Türkiyədə sonuncu dəfə ictimaiyyət qarşısında çıxışlarından birində.
Şəklin alt yazısı, VI Mehmed Maltaya getməzdən əvvəl, 1922-ci ildə Türkiyədə sonuncu dəfə ictimaiyyət qarşısında çıxışlarından birində.

"Onların bütün var-dövlətləri və mülkləri müsadirə edilmişdi və buna görə də pullarını başqa yerə köçürə bilmirdilər", - Genç qeyd edir.

"Bu onun üçün çox çətin bir dövr idi. Eyni zamanda, o, əsrlər boyu böyük sərvət içində yaşamış bir ailənin taleyini yaşayırdı.

Bəziləri bunu bir növ tarixi ədalət kimi qiymətləndirə bilər. Beləliklə, əcdadları böyük əzəmət və ehtişam içində yaşamış, hakimiyyətdə olan sonuncu sultana təvazökar həyatın nə demək olduğunu göstərmiş oldular".

29 oktyabr 1923-cü ildə Türkiyə Respublikası elan edildi.

Yeni vətənində VI Mehmed bir müddət Benito Mussolininin himayəsi altında yaşadı. Mussolini onu "Əzəmətli Osmanlı imperatoru" adlandırırdı.

Lakin o, heç vaxt özünü həqiqətən təhlükəsiz hiss etmədi.

Genç deyir: "Düşünürəm ki, o, sui-qəsdə məruz qalmaqdan qorxurdu. Daim qorxu içində yaşayırdı və yanında revolver gəzdirirdi. Kiminsə gəlib onu öldürəcəyindən ehtiyat edirdi. Çünki həmin dövrdə bütün dünyada monarxiyaya qarşı əhval-ruhiyyə hökm sürürdü".

İtirilmiş ənənə

Osmanlı imperiyasının sonuncu sultanının borc içində vəfat etməsi bir sıra amillərlə bağlı idi.

Bu amillərdən biri bir neçə əsr əvvələ gedib çıxır. Həmin dövrdə sultanlar bir ənənədən əl çəkmişdilər: başqa sülalələrə mənsub şahzadələrlə evlənməkdən.

Martykánová qeyd edir ki, bu ənənə XVI, XVII və XVIII əsrlərdə, "Osmanlılar böyük bir imperiyaya çevrildikləri zaman" tədricən aradan qalxmışdı.

Professor izah edir ki, Osmanlı dövlətinin ilk əsrlərində, imperiyanın genişləndiyi dövrdə sultanlarla müxtəlif ölkələrin şahzadələri arasında nikahlar bağlanırdı.

Məsələn, Bizans şahzadələri, Balkanlardan olan şahzadələr və Anadoludakı kiçik müsəlman dövlətlərinin hökmdar ailələrinə mənsub qadınlar sultanlarla evlənirdilər.

Bu nikahların bəzilərinin arxasında siyasi və strateji məqsədlər dayanırdı. Məsələn, ittifaqlar yaratmaq və ya mövcud ittifaqları möhkəmləndirmək üçün bölgədəki digər hökmdarların qızları həyat yoldaşı seçilirdi.

Türkiyənin Orta Doğu Texniki Universitetinin tarix professoru Ebru Boyar 2023-cü ildə Osmanlı imperiyasında taxt-tacın varislik prosesində qulların və cariyələrin rolu haqqında hazırlanan bir reportajda bizə məhz bunu bildirmişdi.

Lakin zaman keçdikcə sultanlar hərəmxanadakı qadınların öz övladlarının anası olmasına üstünlük verməyə başladılar.

Beləliklə, Boyarın qeyd etdiyi kimi, müəyyən ailələrlə qohumluq əlaqələri olan və mənsub olduqları ailələr sayəsində "siyasi üstünlüyə" malik qadınlar, məsələn, hər hansı bir knyazlığın hökmdarının qızları, kənarda qalmağa başladılar.

"Mən taxtın lələk yastığında oturmadım, odun külünün üzərində oturdum", - deyə VI Mehmed bildirib.
Şəklin alt yazısı, "Mən lələklərlə bəzədilmiş taxtda yox, odun külünün üzərində oturdum", - deyə VI Mehmed bildirib.

Martykánová izah edir ki, bunun uzunmüddətli nəticələri oldu.

Onun sözlərinə görə, Avropadakı kimi bir-biri ilə qohumluq əlaqələri olan sülalələr arasında hər hansı bir kralın qohumlarından birinin (məsələn, ikinci dərəcəli əmioğlularının) başqa bir ölkəni idarə etdikdən və sonradan nüfuzdan düşdükdən sonra yoxsulluq içində yaşaması alçaldıcı hesab olunardı.

"Belə olan halda, həmin qohumlar müəyyən bir dəbdəbə içində yaşaya bilsinlər deyə, onların sürgün xərclərini öz üzərlərinə götürərdilər".

Lakin Osmanlı sülaləsi artıq Avropa sülalələri ilə qohumluq əlaqələrinə malik deyildi. "Onların haradasa hökmranlıq edən və ya hakimiyyətdə olan, onlara pul göndərə biləcək qohumları yox idi".

"Sürgün başlayanda onlara kömək edə biləcək heç kimləri yox idi".

VI Mehmed ailəsi ilə birlikdə Türkiyəni tərk edərkən başqa ölkələrdə hakimiyyət mövqeyində olan heç bir qohumu yox idi.

Lakin Martykánová hesab edir ki, sultanın vəziyyətini düzgün qiymətləndirmək üçün onu daha geniş tarixi kontekstdə nəzərdən keçirmək vacibdir.

Professor deyir: "Onun yoxsulluğu nisbi xarakter daşıyırdı. Həmin dövrdə bizim əcdadlarımız ondan daha yoxsul şəraitdə yaşayırdılar".

Bu, artıq hökmdar statusundan irəli gələn gəlirə çıxışı olmayan və ailəsini dolandırmaq üçün borca girməyə məcbur qalan keçmiş imperatorun yoxsulluğu idi.

Lakin o, sultanın "həyatının son mərhələsinin çox kədərli və son dərəcə ağır keçdiyini" də etiraf edir.