Telefonla aydın və dəqiq Ay fotosu necə çəkilir?

Şəklin mənbəyi, Sheikh Saif/BBC
- Müəllif, Ellen Tsang
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 4 dəq
Tam parıltısı ilə böyük və işıqlı bir super Ay göründə əlinizi tez telefona atırsınız: bu gözəlliyi əbədiləşdirmək üçün.
Amma böyük ehtimalla smartfonunuzla foto çəkməyə çalışdığınızda bulanıq, işıqdan ibarət bir ləkə ilə qarşılaşacaqsınız.
Bu, pis fotoqraf olduğunuz mənasına gəlmir.
Telefonla Ayı çəkməyin bu qədər çətin olmasının müəyyən səbəbləri var.
Amma şəkillərinizi xeyli yaxşılaşdıra biləcək bir neçə yol da var.
Bulanıq ləkə problemi
Çoxumuz Ayı çəkməyə çalışarkən həddindən artıq pozlama (işıqlandırma səviyyəsi) problemi ilə qarşılaşırıq.
Avstraliyadakı Monash Universitetində astronomiya dosenti olan Mişel Brovn deyir:
"Adətən, çox qaranlıq bir fonda kiçik bir Ay görürük, buna görə telefon gecə üçün foto çəkməyə çalışır".
Amma biz Ayın Günəşi görən üzünü çəkirik, yəni orada əslində gündüzdür.
Telefonun göstərdiyi parlaq və həddindən işıqlandırma səviyyəsi ləkə də məhz bundan yaranır.
Bunu aradan qaldırmağın sadə yolu hava tam qaranlıq olmadan Ayı çəkməkdir.

Lakin Ay bütov vəziyyətdə olanda, Günəşin Yerə görə tam əks tərəfində olur.
Bu səbəbdən bütöv aylar günbatımından əvvəl nadir hallarda görünür.
Super Ayı fotoşəkilə çəkmək istəyirsinizsə, gün batandan dərhal sonranı yoxlaya bilərsiniz.
NASA-nın Ay fotoqrafiyası bələdçisinə görə, alatoranlıq əla vaxtdır, çünki telefonunuz Ay ilə göy arasındakı kontrastı idarə etməyə məcbur qalmır.
Həm də ön plandakı obyektlər görünəcək.
Alternativ olaraq, Ayı gecə çəkmək istəyirsinizsə, pozlamanı müxtəlif yollarla azalda bilərsiniz.

Astronomiya mütəxəssisi Brovn deyir ki, gecə çəkilişi üçün endirilə bilən və düzgün pozlama verən tətbiqlər mövcuddur.
Bunu həmçinin əl ilə də etmək mümkündür: telefonunuzun kamerasında avtomatik pozlama tənzimləməsini kilidləyib azaltmaqla.
Telefonunuzda Pro rejimi varsa, pozlamanın iki komponentini dəyişə bilərsiniz:
- ISO (sensorun işığa həssaslığı)
- Şutter sürəti (şutterin açıq qaldığı müddət)
Brovn məsləhət görür: "Nəyin işə yaradığını görmək üçün bir az sınaqdan keçirin".
Ay fotoda niyə bu qədər kiçik görünür?
Çılpaq gözlə nə qədər böyük görünsə də, fotoşəkildə Ay çox kiçik görünə bilər.
Bu, "Ay illüziyası" deyilən və üfüqdə görünən Ayın əslindən daha böyük görünməsinə səbəb olan effektlə bağlı ola bilər.
Bunun səbəbini heç kəs tam bilmir, ancaq beynimizin üfüqdəki bir obyektin nə qədər uzaqda olmalı olduğunu "gözləməsi" ilə əlaqəli ola bilər. Və ya bəlkə də ağaclar və binalar Ayı nəhəng göstərir.

Şəklin mənbəyi, Reuters
Brovn bildirir ki, geniş mənzərə və yaxından selfi çəkməkdə çox yaxşı olan, amma uzaqdakı kiçik obyektlərin çəkilişində zəif qalan telefon kameralarının dizaynını da nəzərə almaq lazımdır.
Göyü şərqdən qərbə 180 dərəcə olaraq düşünsək, Ayın diametri cəmi 0,5 dərəcədir.
Astrofizik Brown belə izah edir:
"Bəzi (telefon kameralarında) tək bir fotoda demək olar ki, 90 dərəcəlik bucaqla çəkiliş edə biləcəyiniz rejimlər var".
"Ay, bütün fotonun cəmi bir neçə faizini təşkil edir... Hətta cəmi 50 piksel enində ola bilər".
Yaxınlaşdırma edərkən diqqətli olun
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bəs onda cavab, sadəcə, yaxınlaşdırmaqdır?
Tam olaraq yox.
Əksər smartfon kameraları rəqəmsal yaxınlaşdırmadan istifadə edir. Bu isə o deməkdir ki, siz sadəcə təsviri kəsib böyüdürsünüz və nəticədə şəkil daha bulanıq olur.
Bu isə çox da faydalı deyil.
Lakin bəzi yüksək səviyyəli telefonlarda optik yaxınlaşdırma mövcuddur. Bu xüsusiyyət kompakt kameralar və DSLR-lərdə olduğu kimi, kameranın fokus məsafəsini (obyektivin böyütmə qabiliyyətini) artıraraq daha çox detalın görünməsini təmin edir.
Əgər belə imkan varsa, istifadə etməli olduğunuz yaxınlaşdırma məhz budur.
Əgər yoxdursa, telefonunuz üçün ayrıca satın ala biləcəyiniz klipsli zum linzalar mövcuddur.
Və ya teleskopunuz varsa, telefonunuzu onun gözlüyünə yaxın tutaraq da istifadə edə bilərsiniz.
Bunlar telefonunuz üçün sanki optik yaxınlaşdırma effekti yaradacaq.
Braun deyir ki, hətta kiçik və ucuz bir teleskop belə Ayın yüzlərlə piksel genişliyində fotosunu çəkməyə və səthdəki kraterlər kimi detalları göstərməyə imkan verir.

Şəklin mənbəyi, Michael Brown/Sonia Turkington
Yaxınlaşdırma kameranın titrəməsini daha da artırır, buna görə tripoddan istifadə edin və ya telefonu sabit bir yerə qoyun.
Deklanşörə basarkən telefonun tərpənməsinin qarşısını almaq üçün, əgər varsa, zamanlayıcı və ya canlı görüntü rejimindən istifadə edin.
Həmçinin bəzi naqilli qulaqlıqlardakı səs düyməsi uzaqdan idarəetmə kimi də istifadə oluna bilər.
Yaradıcı olun
Optik zoom yoxdursa və Ay çox kiçik görünürsə, çəkilişi başqa üsullarla daha maraqlı edə bilərsiniz.
Brown məsləhət görür: "Ayı maraqlı bir ön plan obyektinin yanına yerləşdirin".
NASA-nın təcrübəli fotoqrafı Bill Ingalls xəbərdarlıq edir ki:
"Ayı tək çəkmək çox zaman səhvdir. Şəklin hekayəsini qurun, ona məkan hissi verən bir şey əlavə edin".

Şəklin mənbəyi, Nasa/Bill Ingalls
Ancaq heç də hamımız yüksək keyfiyyətli fotoaparatlara sahib deyilik.
Brovn qeyd edir ki, bəzi telefonlar Ay fotoşəkillərini "gözəlləşdirmək" üçün getdikcə daha çox süni intellekt istifadə edir. Bu isə kiçik telefon linzası ilə əldə edilə biləcək nəticələr barədə real olmayan gözləntilər yarada bilər.
Əgər texnologiyanız imkan vermirsə, bəlkə də telefonunuzun güclü tərəflərindən istifadə edin:
Samanyolu, Şimal işıqları (aurora), parlaq quyruqlu ulduzlar telefon üçün daha uyğun hədəflərdir.


























