"Hər nəsildə daha az olacaq": Kainatda yeni ulduzlar tükənirmi?

Euclid kosmik missiyası Kainatın bizə yaxın bölgələrində yeni ulduzların doğulduğu ulduz yaranma sahələrinin detallı görüntülərini qeydə alıb.

Şəklin mənbəyi, Esa/Euclid/Euclid Consortium/Nasa; Processing: JC Cuillandre (CEA Paris-Saclay)/G Anselmi

Şəklin alt yazısı, Euclid kosmik missiyası Kainatın bizə yaxın bölgələrində yeni ulduzların doğulduğu ulduz yaranma sahələrinin detallı görüntülərini qeydə alıb.
    • Müəllif, Fernando Duarte
    • Vəzifə, BBC World Service
  • Çap edildi
  • Oxuma vaxtı: 5 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Hər şeyin bir sonu var… buna Kainatımız da daxildir.

Astronomlar son iyirmi ildir ki, Kainatın ən parlaq və məhsuldar dövrünü artıq geridə qoymuş ola biləcəyinə dair əlamətlər aşkar edirlər. Bunun ən açıq göstəricilərindən biri isə yeni ulduzların getdikcə daha az doğulmasıdır.

Bu vəziyyət Kainatda yeni ulduzların tamamilə tükəndiyi anlamına gəlmir.

Əksinə, ulduzların ümumi sayının septilyona qədər çata biləcəyi təxmin edilir. Septilyon – 24 sıfırı olan bir rəqəmdir.

Lakin astronomlar yeni ulduz yaranmasının sürətinin azaldığına inanırlar.

Bir ulduz doğulur və ölür…

Bu gün alimlər Kainatın təxminən 13,8 milyard il yaşında olduğu mövzusunda ümumilikdə razılığa gəliblər.

İlk ulduzlar Böyük Partlayışdan qısa müddət sonra yaranıb.

Hətta ötən il James Webb Kosmik Teleskopu qalaktikamız olan Süd Yolunda yaşı 13 milyard ildən çox olduğuna inanılan üç ulduz aşkar edib.

Ulduzlar mahiyyət etibarilə nəhəng, çox isti qaz kürələridir. Onların hamısı həyata eyni şəkildə başlayır.

Onlar bulutsu (nebula) adlanan, kosmik toz və qazdan ibarət nəhəng buludlardan formalaşır.

Cazibə qüvvəsi qaz yığınlarını bir araya gətirir və bu yığınlar zamanla qızaraq gənc bir ulduza və ya proto-ulduza (önyıldız) çevrilir.

Önuldızlar (proto-ulduzlar) böyümələrini təmin edən maddə buludları ilə əhatə olunurlar.

Şəklin mənbəyi, Nasa/Esa/CSA/STScI; Processing: J DePasquale/A Pagan/A Koekemoer (STScI)

Şəklin alt yazısı, Önuldızlar (proto-ulduzlar) böyümələrini təmin edən maddə buludları ilə əhatə olunurlar.

Ulduzun nüvəsi qızaraq temperaturu milyonlarla dərəcəyə çatdırır, daxildəki hidrogen atomları sıxılır və helium əmələ gətirir.

Nüvə sintezi (nuklear füziya) adlanan bu proses işıq və istilik yayır. Ulduz artıq sabit mərhələyə – "cücə ulduz" dövrünə daxil olur.

Astronomlar hesab edirlər ki, bizim Günəşimiz də daxil olmaqla, cücə ulduzlar Kainatdakı bütün ulduzların təxminən 90 faizini təşkil edir.

Onların ölçüləri Günəşin kütləsinin onda birindən 200 qatına qədər dəyişə bilər.

Nəhayət, bu ulduzların yanacağı tükənir və onlar müxtəlif formalarda ölüm mərhələsinə qədəm qoyurlar.

Günəşimiz kimi aşağı kütləli ulduzlar milyardlarla il ərzində tədricən sönmə prosesindən keçir.

Kütləsi Günəşin kütləsindən ən azı səkkiz dəfə böyük olan daha iri "qardaşları" isə daha dramatik bir son gözləyir: onlar süpernova adlanan nəhəng partlayışla məhv olurlar.

Yaşlı ulduzların üstünlüyü

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

2013-cü ildə müxtəlif ölkələrdən olan astronomlardan ibarət bir tədqiqat qrupu ulduz yaranma meyillərini araşdıraraq, gələcəkdə mövcud olacaq bütün ulduzların 95 faizinin artıq doğulduğunu iddia etmişdi.

Həmin dövrdə Subaru Teleskopunun rəsmi saytında dərc edilən məqalədə araşdırmanın baş müəllifi David Sobral belə demişdi:

"Açıq-aydın görünür ki, biz yaşlı ulduzların üstünlük təşkil etdiyi bir Kainatda yaşayırıq".

Kainatın zaman xəritəsinə baxıldıqda, ulduz yaranmasının zirvə nöqtəsinin təxminən 10 milyard il əvvəl, "Kosmik Günorta" adlanan dövrdə baş verdiyi görünür.

Kanadadakı Britaniya Kolumbiyası Universitetinin (University of British Columbia) kosmologiya üzrə mütəxəssisi professor Douglas Scott deyir:

"Qalaktikalar qazı ulduzlara çevirir və bunu getdikcə azalan bir sürətlə edirlər".

Professor Skott Avropa Kosmik Agentliyinin Euklid və Herçel teleskoplarından əldə edilən məlumatları təhlil edən araşdırmanın həmmüəllifidir. Bu tədqiqat hazırda elmi ekspert qiymətləndirməsindən keçir.

Araşdırma çərçivəsində Skott və beynəlxalq tədqiqatçılardan ibarət komanda eyni vaxtda 2,6 milyondan çox qalaktikanı tədqiq edib. Bu məlumatlar Euklid teleskopunun Kainatın nəhəng üçölçülü xəritəsini yaratmaq missiyası çərçivəsində əldə olunub.

kosmos

Şəklin mənbəyi, Anadolu/Getty Images

Astronomlar xüsusilə ulduz tozunun yaydığı istiliklə maraqlanırdılar.

Ulduz yaranma sürəti daha yüksək olan qalaktikalar, daha iri və daha isti ulduzlar ehtiva etdikləri üçün, adətən, daha isti toza malik olurlar.

Skottun sözlərinə görə, tədqiqat qrupu qalaktikaların temperaturunun milyardlarla il ərzində mərhələli şəkildə azaldığını müəyyən edib.

O deyir: "Ulduz yaranmasının ən yüksək dövrünü artıq çoxdan geridə qoymuşuq və hər yeni ulduz nəsli ilə doğulan yeni ulduzların sayı getdikcə azalacaq".

Böyük Soyuma?

Yaşlı ulduzların ölümü eyni maddədən istifadə edən yeni ulduzların yaranmasına səbəb ola bilər, lakin proses bu qədər sadə deyil.

Təsəvvür edək ki, əlimizdə bir yığın tikinti materialı var və onlardan bir ev tikmək istəyirik.

Əgər yeni bir bina inşa etmək istəsək, köhnə binanı təkrar emal etməyə cəhd edə bilərik, amma bütün materiallardan istifadə etmək mümkün olmaz.

Professor Skott bunu belə izah edir:

"Bu, yalnız daha kiçik bir ev tikə biləcəyimiz deməkdir. Hər dağıntıdan sonra istifadə oluna bilən material azalacaq və sonda artıq yeni ev tikmək mümkün olmayacaq".

Ulduzlarla bağlı vəziyyət də təxminən belədir.

Kosmoloq deyir: "Hər yeni ulduz nəslinin yandıracaq yanacağı azalır və nəhayət elə bir mərhələyə çatılacaq ki, artıq yeni ulduz yaradacaq qədər yanacaq qalmayacaq."

O əlavə edir: "Biz artıq bilirik ki, Kainatda aşağı kütləli ulduzlar, yüksək kütləli ulduzlardan qat-qat daha çoxdur."

Astronomlar hesab edirlər ki, Günəşimizin tamamilə sönməsinə təxminən 5 milyard il qalıb.

Şəklin mənbəyi, Nasa/SDO

Şəklin alt yazısı, Astronomlar hesab edirlər ki, Günəşimizin tamamilə sönməsinə təxminən 5 milyard il qalıb.

Alimlər uzun müddətdir ki, Kainatın bir gün sona çatacağını proqnozlaşdırırlar.

Lakin bunun necə və nə zaman baş verəcəyini dəqiq bilmirlər.

Hazırda ən çox qəbul edilən nəzəriyyələrdən biri istilik ölümü nəzəriyyəsidir.

Böyük Donma adı ilə də tanınan bu nəzəriyyəyə görə, Kainat genişlənməyə davam etdikcə enerji yayılacaq və nəticədə həyatın mövcud ola bilməyəcəyi qədər soyuyacaq.

Ulduzlar bir-birindən uzaqlaşacaq, yanacaqları tükənəcək və yeni ulduzlar artıq yaranmayacaq.

Professor Skott bunu belə ifadə edir: "Kainatda mövcud olan enerji miqdarı məhduddur."

78 sıfırlı bir rəqəm

Göy üzünə kədərli baxış atmadan əvvəl unutmayaq ki, ulduzların yox olması astronomik ölçüdə çox uzun zaman tələb edir.

qalaktika

Şəklin mənbəyi, Esa/Webb/Nasa/CSA/J Lee/PHANGS-JWST Team

Şəklin alt yazısı, Ulduz yaranması bir çox qalaktikada hələ çox uzun müddət davam edəcək.

Professor Skott hesab edir ki, Günəşimizin yox olacağı düşünülən vaxtdan xeyli sonra belə, qarşıdakı 10–100 trilyon il ərzində yeni ulduzlar yaranmağa davam edəcək.

Böyük Donma isə bundan da uzun çəkə bilər.

Niderlanddakı Radboud Universitetinin astronomları bu ilin əvvəlində dərc etdikləri bir araşdırmada, Kainatın sonunun təxminən bir kenvigintilyon il sonra gələcəyini proqnozlaşdırıblar. Bu, 78 sıfırı olan bir rəqəmdir.

Yəni, növbəti aydın gecədə ulduzlardan zövq almaq üçün qarşımızda hələ çox-çox zaman var.