Aleksey Manvelyanın bloqu: Azərbaycanlıya "ərə getmək istəməyən" erməni qız

Alexey Manvelyan
Çap edildi

Maaşımız gecikmişdi. Hər gün gözləyirdik ki, ya bu gün, ya sabah verərlər.

Səhər tezdən qalxdım ki, işə piyada gedim. Bu gün də verməsələr, mənimlə avtomat ölçü cihazları sexində çilingər işləyən Maildən maaşa qədər 3 manat borc alaram.

Bilirdim ki, dünəndən cibimin dibində 15 ya 20 qəpik qalıb. Amma onu saxlayırdım ki, birdən Maildə də pul olmasa, gecə dərslərdən sonra gedib şəhərin Qırmızı Kənd adlanan hissəsində yaşayan xalamdan borc alım.

Adətən evdən belə tez çıxmırdım. Süpürgəçilər hələ işlərini qurtarmamışdı, rastıma hər səhərkindən başqa adamlar çıxırdı, avtobus-trolleybuslar boş hərəkət edirdi.

Mən də özümə öyüd-nəsihət verə-verə ki, pulu bir az qənaətcilliklə xərclə ki, bu günə düşməyəsən, gəlib çatdım Yevlax avtovağzalına.

Şaumyan küçəsi ilə Nərimanov prospektinin o biri tərəfinə keçdim və daha yoluma davam edə bilmədim, quruyub yerimdə qaldım.

Yolla paralel duran iki binanın arasından misli görünməmiş gözəl bir qız, sanki ətrafına işıq saça-saça, küçəni keçib Zabitlər Evinin yanındakı dayanacaqda dayandı.

Alexey Manvelyan
Şəklin alt yazısı, 22 fevral 1976-cı il – Kurs yoldaşlarımla. Soldan sağa – İldus, Aleksey Manvelyan, Ceyran (Nazimin həyat yoldaşı) Nazim, Vahid, Rizvan

Azca qıvrılan qızıl rəngə çalan şabalıdı saçları boynunun üstünə yığılmışdı. Gözəlliyini təsvir etmək üçün şair olmaq lazımdı. Görünür, bu 18-20 yaşlı qız ətrafdakıların diqqətini cəlb etdiyinə artıq vərdiş etmişdi.

O, bir dəfə də kirpiklərini qaldırıb sola-sağa baxmadı. O, sanki yerimirdi –təbiətin ona bəxş etdiyi varlığı xüsusi bir ləyaqətlə və məğrurluqla asta-asta, süzə-süzə aparırdı.

İş də yaddan çıxdı, cibimdə cəmisi 20 qəpiyimin olduğu da. Mən də qız mindiyi trolleybusa qalxdım ki, harada işlədiyini öyrənim. Bir iki dəfə danışmağa cəhd etdim, lakin o, çiyninin üstündən mavi gözləri ilə məni başdan-ayağa süzüb, trolleybusun qabaq hissəsinə keçdi.

Qızın işlədiyi şirniyyat fabrikindən düz Kirovabad Alüminium zavoduna kimi trolleybusla gəldim. Bir saat gecikmişdim, lakin Mail məni himayə etmişdi. Sex rəisinin müavinindən başqa, iş otağımıza gələn olmamışdı.

- Remizov gəlmişdi, dedim ki, sahəyə gedibsən, - məni arxayın edib, keçdi sorğu-suala. – Üz-gözün işıldayır, yenə kimin dalına düşüb, yolunu azıbsan? Əyə, sənə min dəfə demişəm evlən. Kişinin arvadı olar.

Mail məndən 5 yaşı böyük idi, lakin o da subay idi. Zavoddan bir otaqlı mənzil almışdı. Gəncə ilə Dəliməmmədli stansiyası arasında yerləşən Alpout kəndində nişanlısı var idi, pul yığırdı ki, toy eləsin.

- Remizov dedi, maaşımızı sabah verərlər. Bu gün gedərik bizdə qalarsan. Obed üçün pulumuz çatar.

Məndə yolpulundan qalmış 12 qəpiyin üstünə Mail də əlavə etdi, 28 qəpiyə adana iki kartoflu peraşki ilə nahar elədik. Axşam da dərsdən sonra institutun yanında yerləşən Mailin evinə getdim.

Dərsə də getmək istəmirdim, amma çoxu ona görə getdim ki, şirniyyat fabrikində artıq mexanik vəzifəsində işləyən kurs yoldaşımdan sabah fabrikin ərazisinə keçməyə kömək etməsini xahiş edim.

Rizvana əhvalatı danışan kimi, bildi söhbət kimdən gedir, dedi: qız 2-3 aydır ki, fabrikdə qablaşdırma sexində müvəqqəti işləyir, şokolad konfetləri qutulara yığır.

- Tərbiyəli fağır qızdır, tək anası ilə yaşayır. Tam adını bilmirəm, Alina çağırırlar. Keçən il instituta qəbul olunmaq üçün bir neçə balı çatmayıb, bu il yenidən imtahana hazırlaşır, - deyə Rizvan xəbərdar etdi ki, qızın yanında həmişə fabrikdə işləyən bir oğlan olur, güləş üzrə şəhərmi, respublikamı çempionudur. – İşin olmasın. Hərdən söhbət etdiklərini görmüşəm, bir də dayanacağa qədər yola saldığını.

Rusların bir atalar sözü var, deyirlər: cavan olmayan, ağılsız olmayıb.

Bir iki dəfə, guya təsadüfən, qızın rastına çıxdım. Bir dəfə bir vedrə qızıl gül alıb, ikinci mərtəbədə qapılarının qabağına qoydum. Güllərin arasına qoyduğum kağıza da hüsnxətlə Puşkinin şerindən bir parça yazmışdım.

Düşünürdüm ki, ağıllı savadlı qızdırsa, onu laqeyd qoya bilməz mənim erudisiyamın təzahürü olan bu sözlər:

Ertəsi gün gedirəm fabrikə. “Upakovoçnıy” sexi soruşa-soruşa qalxıram qız işlədiyi mərtəbəyə. Qarışıq vanillə kakao tozunun iyi bürümüş uzun dəhlizin o başında açıq qapıda şokolad qutuları düzülmüş masalar arxasında qızlar görünür.

Bir neçə addım atmışdım ki, qabağımı dörd - üçü orta boylu, biri arıq ucaboy - oğlan kəsdi.

Güləş üzrə çempion (adı yadımda deyil, olsun – Fəxrəddin) elə mən boyda, lakin bir az məndən canlı, bir qədər qabaqdadır.

- Alinanın dalınca gələn sənsən? – soruşdu.

Qorxumu gizlətməyə çalışıram. Qorxub, geri dönsəm, balaca şəhərdir – sabah yayılacaq ki, qız dalınca gedib, xox gəliblər, qaçıb.

Mən güləşçi deyiləm, futbolçuyam, amma həm güləşlə, həm boksla məşğul olmuşam və, özünü tərifləmək olmasın, dərnəklərdə məşğul olanlara da məğlub olmamışam.

Lakin idman zalında yarışmaq bir şeydir, küçə davası tamam başqa. Küçə davası üçün başqa həyat təcrübəsi, başqa psixoloji hazırlıq olmalıdır. Bu da mənim zəif tərəfimdir. Amma yenə də sərbəst görünməyə çalışıram: geriyə yol yoxdur.

- Mənəm, - dedim.

- Gedək danışaq, - deyə, arxasındakı yoldaşlarına baxdığımı sezib, Fəxrəddin başı ilə onlara him elədi ki, bizi tək qoysunlar.

Deyəsən, dava təhlükəsi aradan qalxdı. Söhbətimiz isə küçədə davam etdi.

Fəxrəddin Alina ilə iş yerində hər gün söhbət edir, ona himayə edir ki, dəyib-dolaşan olmasın və qızla bağlı niyyətləri safdır. Erməni qızı istədiyini valideynlərinə də deyib və onların razılığını alıb. Lakin qız onunla görüşməkdən imtina edib, heç nə vəd etmir, instituta hazırlaşır.

- Mən bilirəm ki, sən ona gül göndəribsən, şer yazıbsan, balkonlarının altında fırlanırsan. Sənin fikrin nədir, eləcə “bişirmək” istəyirsən, yoxsa?..

- Hələ bilmirəm, - dedim.

- Özünə havayı əziyyət vermə, o, azərbaycanlı oğlanla görüşmək istəmir, - deyə Fəxrəddin tonunu dəyişdi. - Bir sözlə, qız səni görmək istəmir. Elə eləmə ki, bir də üz-üzə gələk.

- Qoy özü mənə desin.

- Mən deyirəm, əl çək ondan. Bir də görüşsək, pis olacaq.

Lakin biz bundan sonra bir də görüşdük.

Üç-dörd gün sonra Şaumyan-Nərimanov tinində küçənin o üzündən, bu üzündən boylana-boylana gözləyirdim ki, qız nə vaxt balkona çıxacaq ya da, heç olmasa, pəncərədə kölgəsi görünəcək. Birdən kimsə arxadan əlini çiynimə qoydu. Dönüb, gördüm Fəxrəddindir.

- Nahaq yerə boylanma, dünən əmisi gəlib Yerevana aparıb. İşdən də azad olmaq üçün ərizə verməyib. Qorxurlar ki, burda qalsa, qaçırdarlar – müsəlmana pay olar, - dedi, və getdik vağzaldakı “Kəpəz” restoranına şərikli dərdimizi pivə ilə yumağa.

O zaman “Kəpəzə” yaxşı Leninakan pivəsini gətirirdilər...