Əfqan Muxtarlının məhkəməsində vəsatətlərin çoxu qəbul edilməyib

Şəklin mənbəyi, Elmir Mirzoyev
Noyabrın 30-da Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının məhkəməsində müdafiə tərəfin vəsatətlərin çoxu qəbul edilməyib, məhkəmə prosesində iştirak edən jurnalist Xədicə İsmayılova BBC Azərbaycancaya müsahibəsində deyib.
Jurnalistin sözlərinə görə, Əfqan Muxtarlının vəkili məhkəməyə bir neçə vəsatətlə müraciət edib və əlavə sübutların toplanılmasını istəyib.
Müdafiə tərəfi qanunsuz yolla əldə edilmiş sübutların sübutlar siyahısından çıxarılması, şahid olmadan tərtib edilmiş protokollar və yaxud şahidlərə hüquqları və vəzifələri izah olunmamış tərtib edilən protokolların sübutlar siyasından çıxarılması kimi vəsatətlər qaldırıb.
Eyni zamanda, vəkillər istəyib ki, Gürcüstan DİN-in Əfqan Muxtarlı haqqında cinayət işinin başlanması ilə bağlı materiallar cinayət işinə əlavə edilsin. Müdafiə tərəfi məhkəmədən onu da istəyib ki, Əfqan Muxtarlının üzərində tapılan pul əskinaslarında onun barmaq izinin tapılması ilə bağlı sübutları tələb etsin.
Amma məhkəmə bu vəsatətləri rədd edib.
Eləcə də məhkəməyə Mazımqara sərhəd keçid məntəqəsinin 29-30 may tarixlərindəki bütün kamera görüntülərinin təqdim olunması kimi vəsatətlər verilsə də, hakim bunları qəbul etməyib, məhkəməni izləyən jurnalist deyir.
Xədicə İsmayılova bildirir ki, bu vəsatətlər istintaq zamanı da tələb olunub və təmin olunmayıb, eynilə məhkəmə tərəfindən də qəbul edilməyib.
Növbəti məhkəmə iclası 14 dekabr tarixinə təyin edilib.
Əfqan Muxtarlı ona qarşı iddiaları təkzib edir və mayın 29-u saat 18:00 radələrinə yaşadığı Gürcüstanın paytaxtı Tbilisidən oğurlanaraq Azərbaycana gətirildiyini deyir.
Əfqan Muxtarlı Gürcüstanda saxlandığı və Azərbaycana gətirildiyi gün döyüldüyünü və daha sonra cibinə 10 min avro qoyulduğunu bildirib.
O, Facebook-da tənqidi statusları və jurnalistika fəaliyyətinə görə həsb edildiyini bildirib.
Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.
Rəsmi məlumatlara görə, Əfqan Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıb.
























