"Haqqımı tələb etdim, işdən çıxardılar", azərbaycanlı kitabxanaçı

Videonun alt yazısı, "Haqqımı tələb etdim, işdən çıxardılar", azərbaycanlı kitabxanaçı
"Haqqımı tələb etdim, işdən çıxardılar", azərbaycanlı kitabxanaçı

Cəlilabad sakini Fizuli Dövlətov 2025-ci ilin dekabrında kitabxanaçı kimi işlədiyi vəzifəsindən çıxarılıb.

O hesab edir ki, işdən çıxarılması "qərəzli" yanaşmadır və bəzi problemlərdən şikayət etməsi rəhbərliyin xoşuna gəlməyib və işdən uzaqlaşdırılıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsi isə BBC-yə bildirib ki, o, 3 gün işə çıxmayıb və buna görə də vəzifəsindən azad olunub.

Keçmiş kitabxanaçı: "Təklif etdilər ki, ərizə yaz, işdən çıx"

59 yaşlı Fizuli Dövlətov Cəlilabad rayonunun Ocağlı kəndində yaşayır.

O danışır ki, qonşuluqdakı, 6 km məsafədə yerləşən Əliqasımlı kəndində kitabxanaçı işləyirmiş.

Onu bu işdən 2025-ci ilin dekabrında çıxarıblar.

Füzuli Dövlətovun sözlərinə görə, işdən çıxarılmazdan əvvəl, o, kitabxanada istilik olmadığından mərkəzə şikayət edib. Müsahibimiz deyir ki, bu şikayətindən sonra onlara qızınmaq üçün yanacaq veriblər.

Amma hesab edir ki, işdən çıxarılmasının əsas səbəbi problemlərdən şikayət etməsi olub.

Fizuli Dövlətov iddia edib ki, o, Mədəniyyət Nazirliyinin qaynar xəttinə zəng edib başına gələnləri danışandan sonra ona öz ərizəsi ilə işdən çıxma təklifi edilib.

"Bizim rayon mədəniyyət evində kitabxananın həmkarlarına təklif etdilər ki, məni işdən çıxarsınlar. Təklif etdilər ki, ərizə yaz, işdən çıx. Dedim ki, mən ərizə-filan yazmayacağam. Mənə xəbərdarlıq olmayıb, mənə töhmət verilməyib, şiddətli töhmət olmayıb, müqavilə pozulmayıb, bunlar şərtdir, dedim", - Fizuli Dövlətov bildirib.

Fizuli Dövlətov
Şəklin alt yazısı, Cəlilabad sakini Fizuli Dövlətov 2025-ci ilin dekabrında kitabxanaçı kimi işlədiyi vəzifəsindən çıxarılıb

Füzuli Dövlətov deyir ki, rəhbərlik onun işdə olmamasını əsas gətirərək işdən çıxarıb, amma göstərilən vaxtda xəstə olub və həkimdən kağızı var.

"Ayın 10-da xəstələndim, Cəlilabad Diaqnostika Mərkəzinə getdim, soyuqlamışdım, gözümdə sulanma gedirdi. Ambulator müalicə götürdüm. Ayıb 11-də də bunlar gəliblər Mədəniyyət evinə, buradan Əliqasımlıdan kimsə deyib ki, bu adam işə gəlməyib", - Fizuli Dövlətov bildiirb.

Cənab Dövlətov hesab edir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə azad olunması da haqsızlıqdır.

Bu maddə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə tətbiq olunur.

Hüquqşünas Vəfa Rüstəm BBC News Azərbaycancaya bildirib ki, əgər vətəndaş işinə bərpa olunmaq istəyirsə, məhkəməyə üz tutmalıdır.

Hüquqşünas onu da deyir ki, qanunvericilikdə xəbərdarlıq, töhmət, şiddətli töhmət nəzərdə tutulsa da, bu ardıcıllığa əməl olunması zəruri deyil.

Hüquqşünas Vəfa Rüstəm deyib ki, "Hətta şəxs bütün gün ərzində işə gəlməsə belə, onun işdə olmamasının təşkilatın işinə ziyan vurması sübut olunmalıdır və bu, əmrdə də öz əksini tapmalıdır".

O izah edir ki, işçinin işə gəlməməyi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tətbiqini zəruri etmir.

"O halda bu, zəruri olur ki, bu həm də təşkilata ziyan vurur. Bu əsaslandırılmalıdır ki, bu ziyanları vurub və bunu da məhkəmə nəzərə alır", - Vəfa Rüstəm deyib.

Rəsmi cavab: "Heç bir üzürlü səbəb olmadan işə çıxmayıb"

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsi BBC News Azərbaycancanın sorğusuna cavab olaraq bildirib ki, Fizuli Dövlətovun 2025-ci ilin dekabr ayının 9, 10, 11 i tarixlərində heç bir üzürlü səbəb olmadan işə çıxmaması ilə bağlı aktlar tərtib edilib.

Qurum bildirib ki, onun yaşadığı ünvana işə çıxmamasının səbəbi barədə məlumatın verilməsi ilə bağlı iki məktub da göndərilib.

Sonradan o, Əmək Məcəlləsinin 70 ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılıb, qurum deyir ki, işdən çıxarma qərarını yerli Həmkarlar Təşkilatı da təsdiq edib.

Əmək Müfəttişliyinin bildirdiyinə görə, Fizuli Dövlətova son haqq-hesab ödənilib.

Qurum Fizuli Dövlətovun işdən çıxarılma qərarının onun rəhbərliyə şikayəti ilə əlaqəli ittihamlarına cavab verməyib, bildirib ki, o, məhkəməyə müraciət edə bilər.

Fizuli Dövlətovun iddiaları ilə bağlı BBC Azərbaycancanın sorğusuna Mədəniyyət Nazirliyindən və nazirliyin regional idarəsindən cavab verilməyib.

Fizuli Dövlətov məhkəməyə müraciət etdiyini, ancaq hələ prosesin başlamadığını deyir.