Rusiya-Ukrayna müharibəsində 100-dən çox Azərbaycan vətəndaşı həlak oub - BBC araşdırması

Rusiya-Ukrayna müharibəsi

Şəklin mənbəyi, Reuters

    • Müəllif, Olqa İvşina
    • Vəzifə, BBC
  • Çap edildi
  • Oxuma vaxtı: 5 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı zamanı Rusiya tərəfdə döyüşərkən azı 3 589 əcnəbi həlak olub.

Bu, BBC-nin apardığı hesablamalara əsaslanır.

Onlar 40-dan çox ölkənin vətəndaşlarıdır: Ekvador və ABŞ-dan tutmuş Vyetnam və Şri-Lankayadək.

Azərbaycan Ukraynada Rusiya tərəfindən döyüşlərdə vətəndaşları daha çox həlak olan 3 MDB ölkəsi arasındadır.

BBC üzə çıxarıb ki, bu müharibədə 100-dən çox Azərbaycan vətəndaşı həlak olub.

BBC-nin Rusca xidməti, "Mediazona" nəşri və könüllülər qrupu tərəfindən birgə tərtib olunan həlak olmuş hərbçilərin adlı siyahısında hazırda 233 mindən çox Rusiya ordusu hərbçisinin adı yer alır.

Onlardan 1 285 nəfəri xarici ölkələrin vətəndaşlarıdır. Onların həlak olması açıq mənbələr əsasında təsdiqlənib: rəsmi qurumların açıqlamaları, qohumlarının sosial şəbəkələrdə paylaşımları, həmçinin məzarların və hərbi memorialların fotoları vasitəsilə.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Daha 2 304 Şimali Koreya hərbçisi 2024-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu zamanı Rusiya tərəfində döyüşərkən həlak olub.

Onların kimliyi BBC-nin Koreya xidməti tərəfindən Pxenyanda ucaldılmış yeni hərbi memorialın rəsmi fotoları və peyk görüntülərinin təhlili əsasında müəyyən edilib.

Ukraynada Rusiya tərəfində döyüşən xarici vətəndaşların faktiki itkilərinin bu rəqəmlərdən xeyli yüksək olduğu ehtimal edilir.

Adlı siyahı hazırlanarkən Ukrayna tərəfinin məlumatlarından və Qərb kəşfiyyat orqanlarının dərc etdiyi qiymətləndirmələrdən istifadə olunmayıb.

Sağ qalanlar da nəzərə alınmaqla, Rusiya tərəfində döyüşmüş əcnəbilərin ümumi sayı bunun bir neçə qatı hesab olunur.

NATO-nun qiymətləndirməsinə görə, Rusiya qüvvələrinin tərkibində 44 ölkədən təxminən 24 min xarici muzdlu döyüşçü iştirak edir.

Bu barədə alyansın yüksək vəzifəli rəsmisi iyul ayında Ankarada keçirilən sammit zamanı BBC-nin Rusca xidmətinə bildirib.

Onun sözlərinə görə, onların böyük hissəsini Afrika ölkələrindən olan şəxslər təşkil edir.

"Ehtimal ki, yüzlərlə afrikalı müqavilə imzalayıb. Onlardan bəziləri bunu öz istəyi ilə, digərləri isə məcburiyyət qarşısında ediblər", - deyə o bildirib.

"Mənim üçün dua edin, bizi cəbhəyə göndərirlər"

45 yaşlı Edson Kamvesigie Uqandadan idi və əvvəllər dəfələrlə təhlükəli bölgələrdə çalışmışdı.

Onun həyat yoldaşı Karolina Mikuza jurnalistlərə bildirib ki, Edson 2000-ci illərdə İraq və Əfqanıstana mühafizəçi kimi işləməyə gedib. Lakin onun sözlərinə görə, Edsonun döyüş əməliyyatlarında iştirak təcrübəsi olmayıb.

Uganda Radio Network-un məlumatına əsasən, 2004–2021-ci illər arasında 30 mindən çox uqandalı İraqda ABŞ obyektlərində mühafizəçi kimi çalışıb.

Ancaq ABŞ qoşunlarının 2021-ci ildə İraq və Əfqanıstandan çıxarılmasından sonra xaricdə yüksək maaşlı müqavilələr başa çatıb və Edson da vətəninə qayıdıb.

Rusiya-Ukrayna müharibəsi

Uqandada Edson taksi sürücüsü işləyib və özünü əkinçilikdə sınayıb, lakin qazandığı pul ailəsini və iki uşağını dolandırmaq üçün güclə çatıb.

2025-ci ilin dekabr ayında Edson həyat yoldaşına Rusiyada mühafizəçi kimi işləməyə gedəcəyini deyib. Lakin çatanda fərqli işlə rastlaşıb.

16 yanvarda Edson həyat yoldaşı ilə əlaqə saxlayıb və cəbhəyə gedəcəyini bildirib.

"O, hərbi təlim keçdiyi və tezliklə cəbhəyə göndəriləcəyi üçün onun üçün dua etməsini istəyib", - Mikuza Almaniyanın "Taz" nəşrinin jurnalistlərinə deyib.

Cəmi bir həftə sonra Edson Ukraynanın Xarkov bölgəsindəki Kupyansk yaxınlığında həlak olub.

Kamvesigyenin həyat yoldaşı hələ də ərinin cəsədini evə gətirməyə ümid edir, lakin hakimiyyət orqanları bunu etməkdən imtina edib.

Yerli medianın məlumatına görə, 2026-cı ilin iyun ayına qədər daha iki uqandalı Ukraynada Rusiya qüvvələrinin tərəfində döyüşərkən həlak olub. Onların da meyitləri evə qaytarıla bilməyib.

Ümumilikdə, ölənlərin siyahısına yeddi Afrika ölkəsindən olan insanlar daxildir.

Məhbuslar, təzyiq altında olan miqrantlar və könüllülər

Həlak olan əcnəbilərin həyat hekayələrini və coğrafi mənşələrini təhlil edərək, onların Rusiya hərbi strukturlarına cəlb olunmasının üç əsas mərhələsini ayırmaq olar.

2022-ci ilin ortalarından 2023-cü ilin sonuna qədər Rusiya tərəfində döyüşən əcnəbilərin əsas hissəsini cəzaçəkmə müəssisələrindən cəbhəyə cəlb edilmiş məhkumlar təşkil edirdi.

Onlara döyüş əməliyyatlarında 6 və ya 12 ay iştirak etmələri müqabilində azadlığa buraxılacaqları vəd olunurdu.

Əvvəlcə bu işlə "Vaqner" özəl hərbi şirkəti məşğul olurdu, daha sonra isə bu prosesi Rusiya Müdafiə Nazirliyi davam etdirdi.

Bu sistem ilk növbədə keçmiş SSRİ ölkələrinin vətəndaşlarına, xüsusilə də Mərkəzi Asiyadan olan şəxslərə təsir göstərdi.

Məsələn, həlak olmuş Tacikistan və Özbəkistan vətəndaşlarının yarıdan çoxu Rusiyanın cəzaçəkmə müəssisələrindən cəbhəyə göndərilən şəxslər olub.

Əcnəbilərin cəlb olunmasının ikinci şərti mərhələsi 2024-cü ildən 2025-ci ilin ortalarınadək davam edib.

2024-cü ilin əvvəlində Rusiya hakimiyyəti Müdafiə Nazirliyi ilə yeni müqavilə imzalayanlar üçün ödənişləri əhəmiyyətli dərəcədə artırdı.

Təxminən həmin dövrdə Kuba, Nepal, Hindistan, Şri-Lanka və Yəmən də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən insanların fəal şəkildə cəlb olunmasına başlanıldı.

Onların əksəriyyətini məhz yüksək maaşlar maraqlandırırdı. Bəziləri orduya qoşulacaqlarını bilə-bilə müqaviləni könüllü imzalayırdı.

Digərləri isə Rusiyaya təhsil almaq və ya tikintidə işləmək məqsədilə gəldiklərini düşünürdülər, lakin aldadılaraq cəbhəyə göndərilirdilər.

2025-ci ilin ortalarından etibarən hüquq müdafiəçilərinin fikrincə, keçmiş SSRİ ölkələrindən Rusiyaya gələn əmək miqrantlarına təzyiqlərin yeni dalğası müşahidə olunur.

Onlara giriş qadağasının ləğv edilməsi, sürətləndirilmiş qaydada Rusiya vətəndaşlığı almaq və ya ölkədən çıxarılma qərarının ləğv olunması kimi vədlər müqabilində müharibədə iştirak etmələri təlqin edilir.

Vəkillər əmək miqrantlarının hədə-qorxu ilə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edildiyi çoxsaylı halları sənədləşdiriblər.

Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) hesabatında və Reuters agentliyinin araşdırmasında qeyd olunur ki, son dövrlərdə həyat səviyyəsi aşağı olan Afrika ölkələrinin sakinlərini müharibəyə cəlb etmək cəhdləri də nəzərəçarpacaq dərəcədə artıb.

İlk yeri Şimali Koreya tutur

Əcnəbilər arasında həlak olanların sayına görə ilk yeri Şimali Koreya tutur.

Lakin digər bütün əcnəbilərdən fərqli olaraq, onlar müharibədə Rusiya ilə Şimali Koreya arasında bağlanmış rəsmi müqavilə əsasında açıq şəkildə iştirak ediblər.

Onlar haqqında məlumat azdır, lakin əldə edə bildiyimiz bütün məlumatları burada topladıq.

Həlak olanlar siyahımıza həmçinin Rusiya silahlı birləşmələrinin tərkibində döyüşərkən həlak olmuş 25 Ukrayna vətəndaşı da daxildir.

Bunlar yalnız genişmiqyaslı müharibənin başlanğıcı zamanı Ukraynanın nəzarətində olan ərazilərdə rəsmi qeydiyyatda olan şəxslərdir.

Onların əksəriyyəti cəzaçəkmə müəssisələrindən müharibəyə cəlb olunub.

Rusiyanın tərəfində döyüşən Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin sakinləri isə ayrıca hesablanır və onların itkiləri bu statistikaya daxil edilmir.

Qeyd etmək vacibdir ki, ümumi mənzərədə əcnəbilər hələ də Rusiya tərəfinin itkilərinin yalnız kiçik bir hissəsini təşkil edir.

Kimliyini müəyyən edə bildiyimiz 233 min həlak olmuş Rusiya hərbçisindən xarici ölkələrin vətəndaşları (Şimali Koreya hərbçiləri də daxil olmaqla) 2%-dən azını təşkil edir.

Beləliklə, əcnəbilərin cəlb olunması Rusiya ordusunun əsas şəxsi heyət mənbəyini - Rusiya vətəndaşlarını əvəz edə bilmir.

Lakin yüksək itkilər və könüllü şəkildə hərbi müqavilə bağlamağa hazır olan Rusiya vətəndaşlarının sayının tədricən azalması fonunda Kreml, ehtimal ki, cəbhəni saxlamaq üçün yeni səfərbərlik və ya şəxsi heyət cəlbetmə üsulları axtarmağa məcbur olacaq.

İtkiləri necə hesablayırıq

Rusiyada hər gün həlak olmuş hərbçilərin adları və dəfn mərasimlərindən fotolar dərc olunur. Əksər hallarda onların adları Rusiya regionlarının rəhbərləri və ya rayon administrasiyalarının nümayəndələri, yerli KİV-lər, həlak olanların təhsil aldıqları müəssisələr, eləcə də qohumları tərəfindən açıqlanır.

BBC, "Mediazona" və könüllülərdən ibarət komanda bu məlumatları araşdırır və Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanğıcından bəri apardığımız siyahıya əlavə edir.

Xidmət növünü mərhumun xidmət yeri haqqında məlumatlara və ya onun geyimindəki nişanlara əsasən müəyyən edirik.

Səfərbər olunmuş şəxsi heyət, könüllülər və məhbuslar ayrıca xidmət növləri hesab edilmir, lakin biz bu itkiləri nizami ordunun peşəkar (müqaviləli) bölmələrindəki itkilərlə müqayisə etmək üçün ayrıca bir kateqoriyaya ayırırıq.

Əsas statistikaya 2023-cü ilə qədər Donbasın özünü elan etmiş "respublikalarının" itkiləri daxil edilmir.

2023-cü ilin yanvarından etibarən isə "DXR xalq milisi" bölmələri Rusiya ordusunun tərkibinə daxil olduğuna görə, Donetsk və Luqansk vilayətlərindən olan həlak olanları Rusiya hərbi birləşmələrinin tərkibində döyüşən əcnəbilər kimi qeydə alırıq.