İranın TRİPP marşrutu ilə bağlı Yerevandan zəmanət istədiyi bildirilir

- Müəllif, BBC Monitorinq
- Çap edildi
- Oxuma vaxtı: 2 dəq
İran TRIPP marşrutunun təhlükəsizliyinin yalnız erməni və ya rus hərbçiləri tərəfindən təmin edilməsini istəyir, BBC Monitorinq Ermənistan mediasına istinadən yazır.
Tehran Yerevanı bununla bağlı zəmanət verməyə çağırıb, news.am öz mənbələrinə əsasən bildirib.
Xəbər portalı qeyd edir ki, Tehran bununla ABŞ hərbçilərinin İran sərhədləri yaxınlığında yerləşdirilməsinin qarşısını almağa çalışır. Əks halda Vaşinqton və Tehran arasında gərginliyin artacağı təqdirdə İran ABŞ personalını legitim hədəf hesab edəcək, məlumatda deyilir.
İran bu məsələ ilə bağlı narahatlığını daha əvvəl də ifadə edib, həmin vaxt Ermənistan marşrutun ölkənin suverenliyi və yurisdiksiyası altında qalacağını bəyan edib.
Hazırda Ermənistan-İran sərhədini Rusiya hərbçiləri qoruyur.
Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan bildirib ki, TRIPP layihəsinin təməlqoyma mərasimi 2027-ci ilin əvvəlində keçirilə bilər.
Marşrutun tikintisinə isə yaz aylarında başlanması mümkündür, xarici işlər naziri Ararat Mirzoyan bildirib.
TRIPP layihəsi 2025-ci ildə Vaşinqtonun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar çərçivəsində formalaşıb.
Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən yeni nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.

























