Hörmüz boğazında bir Amerika helikopteri vurulandan sonra ABŞ-İran arasında qarşılıqlı hücum olub

Şəklin mənbəyi, Delil SOULEIMAN/AFP/Getty Images
ABŞ ordusu Hörmüz boğazı üzərində bir ABŞ helikopterini düşürməkdə ittiham etdiyi İrana qarşı gecə hücum edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Amerika qüvvələri helikopterin vurulmasına cavab olaraq çərşənbə axşamı gecəsi əməliyyatlara başlayıb.
ABŞ ordusu açıqlamasında qeyd edib: "Bu missiya səbəbsiz İran təcavüzünə uyğun və proporsional cavabdır".
Həmçinin bildirilib ki, vurulan Apache helikopterindəki iki heyət üzvü ABŞ-a məxsus pilotsuz dəniz vasitəsi tərəfindən xilas edilib.
Donald Trump "Truth Social" platformasında yazıb: "İki pilot var idi, hər ikisi təhlükəsizdir və xəsarət almayıb" və əlavə edib ki, "ABŞ bu hücuma mütləq cavab verməlidir".
ABŞ-dakı Axios nəşri amerikalı rəsmiyə istinadən yazır ki, cavab zərbələri zamanı İrana məxsus bəzi hava müdafiə və radar sistemləri vurulub.
BBC-nin ABŞ-dakı tərəfdaşı CBS News-a danışan bir ABŞ rəsmisi bildirib ki, Apache helikopterinə hücumda bir dron iştirak edib, lakin hücumun qəsdən olub-olmadığı dəqiq deyil.
İranın yarı-rəsmi Mehr xəbər agentliyi isə İranın məsuliyyəti üzərinə götürmədiyini bildirib.
İrandan ABŞ bazalarına hücumlar
ABŞ-ın İrandakı bəzi hədəfləri vurmasından sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyn, İordaniya və Küveytdəki bəzi ABŞ hədəflərinə hücum etdiyini açıqlayıb.
İran dövlət mediasına görə, Bəhreyndəki ABŞ bazasına dronla, İordaniyadakı bazaya isə raketlə hücum edilib.
Küveyt ordusu isə bir hücumun hava müdafiə sistemləri tərəfindən qarşısının alındığını açıqlayıb.
İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkədə bildirib: "ABŞ döyüş meydanında itkilərinə baxmayaraq, qətiyyətimizi sınamağa qərar verdi. Güclü ordumuz heç bir təhdid və ya hücumu cavabsız qoymayacaq. Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin".
Gecə nə baş verib?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
ABŞ Prezidenti Donald Trump da ABŞ hərbi helikopterinin İran tərəfindən vurulduğunu açıqladıqdan sonra bildirib ki, ABŞ "mütləq" cavab verməlidir.
O qeyd edib ki, İran "Hörmüz boğazı üzərində patrul edən son dərəcə inkişaf etmiş Apache helikopterlərimizdən birini vurub".
Pilotların xəsarət almadığını vurğulayan Trump deyib: "ABŞ bu hücuma mütləq cavab verməlidir".
Trump-ın paylaşımından dəqiqələr əvvəl İranın Vaşinqtonla danışıqlarda baş müzakirəçisi Məhəmməd Baqir Qalibaf cavab siqnalı verib.
O, sosial mediada yazıb: "Diplomatiya dilini üstün tuturuq, lakin digər dillərə daha yaxşı hakim oluruq. Öhdəliklərinizi pozsanız, ən yaxşı bildiyimiz dilə keçəcəyik".
CENTCOM hadisə ilə bağlı 9 iyunda məlumat yaymışdı.
Bildirilib ki, hadisə 9 iyunun ilk saatlarında baş verib və Apache tipli helikopterlər "patrul uçuşu zamanı Oman sahillərinə yaxın ərazidə" vurulub.
CENTCOM açıqlayıb ki, iki hərbçi təxminən iki saat ərzində təhlükəsiz şəkildə xilas edilib və vəziyyətləri yaxşıdır.
Heyət üzvləri ABŞ-a məxsus pilotsuz dəniz platforması tərəfindən xilas olunub.
CBS News-a danışan rəsmilər əlavə edib ki, bu, ABŞ qüvvələrinin pilotsuz dəniz vasitəsi ilə həyata keçirdiyi ilk xilasetmə əməliyyatıdır.
İstifadə olunan vasitənin dəqiq tipi məlum deyil, lakin bir ABŞ rəsmisi ABC News-a onun sürətli qayıq tipli dizayna malik olduğunu bildirib.
Regionda gərginlik
Bundan əvvəl İranın İsrailin şimalına raket hücumu etməsindən sonra İsrail də İranın qərb və mərkəzi bölgələrinə hava zərbələri endirmişdi.
İran İnqilab Keşikçiləri 7 iyun bazar gecəsi həyata keçirilən hücumun "bir həftə davam edəcək fasiləsiz zərbələrin başlanğıcı" olduğunu açıqlamışdı.
İran hücumlara İsrailin bazar günü Livanın paytaxtı Beyruta hava zərbələri endirməsindən sonra başlamışdı.
İran bazar ertəsi açıqlamasında bildirib ki, aprel ayında İsrail və ABŞ ilə əldə edilən atəşkəsdən sonra ilk dəfə İsrailə qarşı başladığı raket hücumlarını dayandırıb.
İsrailin baş naziri Benyamin Netanyahu da həmin gün bildirib ki, İranın hücumlarına cavab verilib və zərbələr "hazırda" dayandırılıb, lakin müharibə hələ bitməyib.

























