Bu gün Azərbaycanda Müstəqillik günü qeyd olunur

ADR

Şəklin mənbəyi, Milli Arxiv

Şəklin alt yazısı, AXC parlamentinin birinci iclasının açılışı.
Çap edildi
Oxuma vaxtı: 2 dəq

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur.

108 il əvvəl Şərqdə ilk demokratik respublika Azərbaycanda yaranıb.

Azərbaycan Demokratik Respublikasının və ya AXC-nin yaradılması 1918-ci il mayın 28-də Tbilisidə Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Tarixçi-alim, Britanya Akademiyasının müxbir üzvü Dr. Harun Yılmaz yazır ki, əslində bir gündə iki qərar verilmişdi: milli müstəqilliyin və demokratik respublikanın elanı.

O, BBC News Azərbaycanca üçün yazdığı "28 May: Azərbaycan tarixinin şanlı səhifəsi" adlı məqaləsində qeyd edir ki, 1918-ci il müstəqillik elan etmək üçün tarixi imkan idi.

"Azərbaycanın liderləri doğru anda doğru qərar verə bilmişdilər", - tarixçi məqaləsində vurğulayır.

Arxiv: 1919-cu il, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Sovetinin iclası

Şəklin mənbəyi, Azərbaycan Republikası Kino-Foto Sənədləri Arxivi

Şəklin alt yazısı, Arxiv: 1919-cu il, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Sovetinin iclası

"...onlar istəsəydilər, xanlığın bərpasına asanlıqla haqq qazandıra bilərdilər"

Dr. Harun Yılmaz yazır ki, Azərbaycan xalqının liderləri Azərbaycandakı siyası rejim kimi demokratik parlament respublikasına üstünlük vermişdilər.

"Əksəriyyətinin yerli feodal elitasının övladları olmasına baxmayaraq, xalqın liderləri xanlığın bərpası seçiminə getmədilər. Əgər istəsəydilər, bu qərara asanlıqla haqq qazandıra bilərdilər. Bir əsr əvvəl rusiyalılar respublikaya yox, xanlıqlara son qoymuşdu", - tarixçi qeyd edir.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

O, məqaləsində vurğulayır ki, həmin vaxtlar Azərbaycanda respublika mövcud deyildi:

"Siyasi liderlər rusların dağıtdığı rejimi bərpa etdiklərini söyləyə bilərdilər. Onlar tarixi nümunə kimi Quba və ya Şəki xanlıqlarının adını çəkər və hakimiyyətin bir nəfərin əlində cəmləşməsi ideyasının Azərbaycan üçün tarixi və mədəni seçim olduğunu iddia edə bilərdilər.

Onlar xalqın çətin və təhlükəli zamanında yalnız güclü bir xanın ölkəni idarə edə biləcəyi fikrini ortaya ata bilərdilər. Bənzədərək əlavə edə bilərdilər ki, çətin anlarda sürünü yalnız yaxşı çoban idarə etmək qabiliyyətindədir. Milli hərəkatın liderləri monarxiya və ya təkhakimiyyətlilik üçün bu iddiaların heç birinə əl atmadılar.

Əvəzində 1918-ci il mayın 28-də Azərbaycanın liderləri demokratik və parlament respublikası idarə üsulunu seçdilər".

ADR-in ömrü cəmi 23 ay davam edib və 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Tarixçi Dr. Harun Yılmaza görə, ADR-in yaranması tarixi 1813 -cü ildən, Rusiya İmperiyası ilə İran arasında Gülüstan sülh müqaviləsi imzalandığı tarixdən başlayır.

Bu müqavilə əsasında indiki Dağıstan, şərqi Gürcüstan, Azərbaycan Respublikasının böyük hissəsi və Şimali Ermənistanın bir qismi Rusiya İmperiyasına təslim edilib.